Musayev Ramil Aydın

Musayev Ramil Aydın

Gizir Musayev Ramil Aydın oğlu 6 may 1991-ci ildə Ìsmayıllı şəhərində anadan olub. Ramil İsmayıllı rayon Natiq Behdiyev adına 6 saylı tam orta məktəbdə təhsil alıb. 18 yaşı tamam olduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra rayona qayıdan Ramil fərdi əməklə məşğul olur. Vətənə olan eşqi hər şeyi üstələyərək onu yenidən ordu sıralarına qaytarır. 10 il Azərbaycan Ordusunda xidmət edən Ramil həmin 10 ilin 8 ilini Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Nümunəvi xidmətinə görə bir çox mükafat və sertifikatlara layiq görülüb.

2016-cı ildə baş verən Aprel döyüşlərində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində vuruşub. Aprel döyüşlərdində göstərdiyi şücaətlərə görə Ramilə kiçik gizir hərbi rütbəsi verilib.  Azərbaycan Ordusunun kiçik giziri olan Ramil Musayev 2020-ci il sentyabrın 27-də  Erməni ordusunun təxribatı nəticəsində başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı ilk günlər Kəlbəcər rayonu istiqamətində, sonra isə Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ramil Musayev oktyabrın 4-də Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Gizir Musayev Ramil Aydın oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Qarabağ ordeni”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

13 Yanvar 2022, 21:35