Regional Azərbaycan Kuboku layihəsinin qalibləri məlum oldu.

Azərbaycan Gənclər Fondunun dəstəyi,  “İsmayıllı İntellektual Oyunlar Klubu” İctimai Birliyi və Gənclərin Karyera və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə region gəncləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Regional Azərbaycan Kuboku layihəsinin final bağlanış mərasimi keçirlib.

Rəsmi açılış mərasimində, “İsmayıllı İntellektual Oyunlar Klubu” İctimai Birliyinin sədri Azad Manaflı, Azərbaycan Gənclər Fondunun əməkdaşı Zaur Osmanov, Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov və digər rəsmilər iştirak edib.

Tədbirdə çıxış edən layihə rəhbəri, Azad Manaflı layihə barədə danışaraq qeyd edib ki, seçim turlarının Ağdaş, Ağsu, Mingəçevir və Şamaxı rayonunda təşkil olunmasına baxmayaraq final mərasimində Azərbaycanın 12 müxtəlif bölgəsindən 16 komanda iştirak edir. Layihənin əsas məqsədi region gənclərini intellektual oyunlara cəlb etməklə Azərbaycan dili, ədəbiyyatı, tarixi, adət-ənənələri, milli mədəniyyəti, incəsənəti, musiqisi, kinosu, coğrafiyası haqqında biliklərinin artmasına təkan vermək və hərakata yeni nəfəs gətirməkdən ibarətdir.
Layihə çərçivəsində qeyd edilən ərazilərdə seçim turları keçirilib və hər bir zonanın qalibi Mingəçevir şəhərində təşkil olunan final mərhələsində iştirak etmək hüququ qazanıblar.


Azərbaycan Gənclər Fondunun əməkdaşı Zaur Osmanov öz çıxışında iştirakçılara fondun fəaliyyət istiqamətləri, gənclər üçün yaradılan imkanlar barədə məlumat verib. Bu cür intellektual oyunların ölkə gəncliyinin inkişafındakı önəmli məqamlarını diqqətə çatdırıb.



Daha sonra Tural Kərimov çıxış edərək, gənclərin maariflənməsinə xidmət edən bu əhəmiyyətli layihənin Mingəçevirdə keçirilməsini təmin etdiklərinə görə təşkilatçılara təşəkkürünü bildirib. Gənclərə isə uğurlar arzulayıb.


Rəsmi hissədən sonra 16 komanda 4 qrupa bölünərək oyuna start verildi. Maraqlı və gərgin yarışın yekununda Azərbaycan Kubokunun qalibi Ucar rayonunun “Fəal ağsaqqallar” komandası oldu. Kiçik kubokda isə Gəncə şəhərinin “Noctua” komandası qalib adını qazanıb. İkinci və üçüncü yerləri müvafiq olaraq Mingəçevirin “Che” və “Legends” komandaları tutub.

Qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal, diplom və kitablarla təltif ediliblər. Həçinin kubok qalibləri Bakı şəhərində keçiriləcək Azərbaycan Kuboku layihəsinə vəsiqə qazanıblar.

30 Ynv 2024